Hz. Lut

Quranda homoseksuallıq 10 Oktyabr 2016 23:37 234

Hz. Lut

Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi" ("Ənbiya" surəsi, 74-75).

Quranda bəhs edilən ən azğın qövmlərdən biri Hz.Lutun qövmüdür. Bu qövm ayələrdə də bildirildiyi kimi, bir çox cinsi əxlaqsızlıqlar içində olan, yol kəsən və təcavüzkarlıq edən bir qövmdür.

"Lutu da yad et! Bir zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətənmi siz kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz?" Tayfasının cavabı ancaq: "Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!" - deməkdən ibarət oldu" ("Ənkəbut" surəsi, 28-29).

"Lutu da peyğəmbər göndərdik. Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz, Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!"" ("Əraf" surəsi, 80-81).

"Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!"" ("Şüəra" surəsi, 165-166).

"Lut o zaman öz tayfasına demişdi: "Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? Siz qadınları qoruyub şəhvətlə erkəklərin yanınamı gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!"" ("Nəml" surəsi, 54-55).

Hz.Lut hər cəhətdən böyük bir azğınlıq və əxlaqsızlıq girdabında olan qövmünü Allah üçün yaşamağa və gözəl əxlaqlı olmağa çağırmışdır. Üsyankar rəftarından və çirkin əməllərindən əl çəkmək istəməyən qövm isə Hz.Luta inadla qarşı çıxmışdı. Ancaq qövmünün israrlı inkarına baxmayaraq Allahın bütün peyğəmbərləri kimi Hz.Lut da qövmünü hidayət yoluna yönəltmək üçün ciddi səy göstərmiş, bu azğın insanların hücumlarından və atdığı iftiralardan çəkinmədən onları Allahın yoluna çağırmışdı.

Allahın yuxarıdakı ayələrində də bildirildiyi kimi, Hz.Lut qövmünə etdikləri çirkinlikləri izah etmiş və onları Allahın bəyəndiyi təmiz bir həyata çağırmışdır. Ancaq tarix boyu bir çox inkarçı qövm kimi Hz.Lutun qövmü də öz peyğəmbərinə itaət etməmiş və onu doğru yoldan ayırmaq üçün müxtəlif iftiralar atmağa çalışmışdı.

Böyük bir azğınlıq içində olan Lut qövmü Hz.Lutu yurdlarından qovub çıxarmaqla hədələmiş, peyğəmbərin və yanındakı möminlərin maddi və mənəvi təmizliyinə istehza etmişdi. Hz.Lut onları dəfələrlə haqq yoluna çağırdığı halda onun bu çağırışına cavab verməyən və inadla inkar edən qövmünə reaksiyasını belə dilə gətirmişdir:

"Lut dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!" ("Şuəra" surəsi, 168).

Bu ayədən də göründüyü kimi, Hz.Lut öz qövmünün bütün inadkarlığına və azğınlığına baxmayaraq Allahın əmrlərinə uymuş, insanları da buna dəvət etmiş və bunda qəti bir qərarlılıq göstərmişdir. Allahın razı olmayacağı hər cür davranışdan özünün də razı olmadığını və buna mane olmaq üçün səy göstərəcəyini dilə gətirmişdir.

Hz.Lut Qövmünü Allahdan Qorxub Çəkinməyə Çağırmışdır

Hz.Lut da qövmünə öncə Allahın göndərdiyi etibarlı bir peyğəmbər olduğunu və apardığı təbliğatın əvəzində heç bir şey istəmədiyini bildirərək onları Allahdan qorxub çəkinməyə dəvət etmişdir:

"O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 161-164).

İnsanın Allahın bəyəndiyi əxlaqı tam yerinə yetirə bilməsi üçün sözün əsl mənasında bir Allah qorxusuna sahib olması lazımdır. Əgər bir insan Allahdan qorxursa, Allahın bəyənmədiyi bir əxlaqı bilə-bilə özündə saxlamaz. Nisbətən etdiyi səhv bir davranış varsa da doğrunu öyrəndiyi anda xətalı davranışını düzəldər. Allahın razı olacağı bir həyat yaşayar və həm dünyada, həm də axirətdə gözəl bir həyat uma bilər. Bu səbəblə Hz.Lut kimi bütün elçilər öz qövmlərinə Allahdan qorxmalarının lazımlılığı barədə xəbərdarlıq etmişlər.

Hz.Lut Qövmünü Ağlı Başında Davranması Və Etdiyi Əməllərə Görə Utanması Barədə Xəbərdar Etmişdir

Lut qövmünün inkarçılıqda inad etməsinin əvəzində Allah onlara göndərəcəyi əzabı Hz.Luta xəbər vermələri üçün mələklər göndərmişdir. Gələn mələkləri insan zənn edən qövm qaçaraq Hz.Lutun yanına gəlmişdir. Hz.Lutla qövmü arasında olan söhbət belədir:

"Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin bir gündür!" - dedi. Tayfası tələsik yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: "Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar (nigah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur?" Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"" ("Hud" surəsi, 77-79).

Göründüyü kimi, Allah qorxusunu bilməyən Lut qövmü öz azğın istəklərini açıq şəkildə dilə gətirə biləcək qədər utancaqlıq hissini itirmiş insanlardan ibarət idi. Əlbəttə, bu, dinsizliyin təbii bir nəticəsidir. Bu azğın hərəkət müasir dövrün dindən uzaq cəmiyyətlərində də olduqca yayılmış və yaddan çıxarılmamış bir nizamdır. Çünki gözəl əxlaqı, doğrunu və yalanı insana öyrədən dindir. Ürəyində Allah qorxusu olmayan və dindən uzaq yaşayan insanların vicdanı isə kor olur. Belə insanların həya və utancaqlıq kimi üstün əxlaqi xüsusiyyətləri ya çox məhduddur, ya da heç yoxdur. Qövmünün etdiyi bir çirkin təklifin dinsizliyin gətirdiyi bir nəticə olduğunu bilən Hz.Lut da qövmünə Allahdan qorxmağın və onu yadların yanında xəcil etməməyin lazımlılığını söyləmişdir.

Hz.Luta elçilər gəldiyi zaman qövmü ilə arasında söhbətləri bildirən ayələrdən bəziləri belədir:

"Şəhər əhli bir-birini muştuluqlayıb gəldi. Lut dedi: "Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin! Allahdan qorxun və məni xar etməyin! Onlar: "Məgər biz sənə adamları qadağan etmədikmi?" - deyə soruşdular. Lut dedi: "Bunlar mənim qızlarımdır. Əgər istədiyinizi edəcəksinizsə (buyurun, onlarla evlənin)!" Canına and olsun ki, onlar məstlikləri içində sərgərdan vəziyyətdə durub qaldılar. Şəfəq doğanda o dəhşətli səs onları bürüdü. Onların altını-üstünu çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır! Bunda möminlər üçün, sözsüz ki, bir ibrət dərsi vardır!" ("Hicr" surəsi, 67-77).

Göründüyü kimi, Hz.Lutun çağırışlarına məhəl qoymayan, azğın əxlaqından əl çəkməyən bir qövm hələ dünya həyatında ikən şiddətli bir əzabla qarşılaşmışdır. Bu, onların yalnız dünya həyatında aldığı cəzadır, axirətdə görəcəkləri əzab isə daha şiddətli olacaqdır.